Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edib YENİLƏNİB -2

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger iştirak ediblər.

Əvvəlcə birgə foto çəkdirildi.

Azərbaycan Prezidenti İlham Əliyev toplantıda nitq söylədi.

Prezident İlham Əliyevin
nitqi

-Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar, hörmətli dostlar.

Azərbaycana xoş gəlmisiniz, sizi görməyə çox şadam, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci toplantısında iştirakınıza görə sizə təşəkkür edirəm.

Biz 2015-ci ildə bu mühüm prosesə start verdik və Azərbaycan belə bir əməkdaşlıq formatının təşəbbüskarı oldu. Bu təşəbbüs Avropa Komissiyası tərəfindən də dəstəkləndi və beləliklə, bu proses başlandı. Biz belə toplantıların və bu nəhəng layihənin irəli aparılması ilə bağlı görülməli işlərə dair geniş müzakirələrin faydasını görürük. Mən Avropa Komissiyasına bu prosesdə fəal iştiraka görə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan və Avropa Komissiyası bu şuranın həmtəşkilatçılarıdır və bizim sıx əməkdaşlığımız yaxşı nəticələr verir. Böyük məmnuniyyətlə komissar Ottingeri salamlayıram. O, vaxtilə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı olub və Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri üzrə əməkdaşlığın möhkəmlənməsi və Cənub Qaz Dəhlizi layihəsinin irəliləməsində mühüm rol oynayıb. Bu, həqiqətən də vahid komanda işidir və ildən-ilə biz bunun nəticəsini görürük.

Mən Azərbaycanın təşəbbüskarı olduğu bütün enerji layihələrinin, xüsusilə də Cənub Qaz Dəhlizinin reallaşdırılmasında göstərilən davamlı dəstəyə görə Amerika Birləşmiş Ştatları hökumətinə minnətdarlığımı bildirirəm. Mən ABŞ və Böyük Britaniyanın yüksək səviyyəli nümayəndələrini salamlayıram. Əminəm ki, sizin töhfəniz sayəsində bu toplantının gözəl nəticələri olacaq. Mən, eyni zamanda, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində iştirak edən qonşularımız Türkiyə və Gürcüstan, habelə Avropa ölkələrindən Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadan olan nümayəndələri salamlayıram. Biz artıq bu layihənin reallaşdırılmasına məsul olan bir komandayıq.

Bildiyiniz kimi, Azərbaycan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb. Bunun nəticəsində biz Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradacağıq və mən həmin dövlətlərin nümayəndələrini də burada salamlayıram. İllik toplantılarımızda iştirak edən qonaqlarımızın sayı artır. Mənə verilən məlumata görə, burada Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistandan olan nümayəndələr iştirak edirlər və şadam ki, bu layihəyə maraq göstərən dövlətlərin sayı artmaqdadır.

Əlbəttə, burada şirkətləri də qeyd etmək lazımdır, çünki onların fəal iştirakı olmadan bu nəhəng layihəni reallaşdırmaq mümkünsüz olardı. Mən SOCAR və BP arasında olan sıx strateji tərəfdaşlığı xüsusi qeyd etmək istəyirəm. BP şirkəti bizim strateji tərəfdaşımız və investorumuzdur, o, Azərbaycanda 25 ildir ki, fəaliyyət göstərir. BP Azərbaycanda enerji layihələrinin icrası ilə bağlı böyük səylər göstərir və onun yatırdığı sərmayələr tərəfimizdən yüksək qiymətləndirilir. Biz Azərbaycanda enerji sahəsinin inkişafı ilə bağlı bir sıra vacib layihələr üzərində çalışırıq.

Beynəlxalq maliyyə qurumlarının güclü dəstəyi olmadan bizim birgə səylərimiz faydalı olmazdı. Bu gün toplantımızda dünyanın aparıcı maliyyə qurumlarının - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Avropa İnvestisiya Bankının nümayəndələri iştirak edirlər. Fürsətdən istifadə edərək, bu layihə ilə bağlı maliyyə töhfəsinə və bizə olan etimada görə sizlərə təşəkkür edirəm. Bizim nə qədər böyük təşəbbüs və nəhəng layihəni həyata keçirdiyimizi təsvir etmək üçün, zənnimcə, bu toplantıda iştirak edənlərin siyahısını səsləndirmək kifayət edər.

Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir. Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir. O zaman Azərbaycan nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı. Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığımızın başlanğıcı idi. O vaxt Azərbaycan öz təbii resurslarını beynəlxalq əməkdaşlıq üçün əlçatan etdi. İlk dəfə beynəlxalq sərmayələr Xəzər dənizinə yatırıldı və 1994-cü il, əslində, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu. Azərbaycan o zaman yalnız üç il idi ki, gənc müstəqil dövlət idi və iqtisadi vəziyyət çox çətin idi. Ölkəni xarici sərmayə üçün açaraq biz milyardlarla dollarlıq sərmayə cəlb edə bildik. On minlərlə yeni iş yerləri açdıq, Azərbaycanın münbit sərmayə mühitinə malik dövlət olduğunu nümayiş etdirdik. Bunun nəticəsində neftdən gələn gəlirləri iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəltdik. Bu gün isə biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. Bu, bizim üçün prioritetdir. Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq.

1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı müqavilə imzalanmışdır ki, həmin yataq Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyidir. Ümidvaram ki, bu, yeganə mənbə olmayacaq, ancaq hazırda bu, belədir. Bu, nəhəng bir qaz yatağıdır və onun təbii ehtiyatları artıq hasil və ixrac olunur.

Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq. Məqsəd enerji resurslarının nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi. Bu baxımdan 1990-cı illərin sonunda Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi baxımından vacib məsələ idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu, tarixi hadisə idi. Bu nəhəng layihə sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdi. Biz isə ixracımızı mümkün qədər artırdıq və bu gün Bakı-Tbilisi-Ceyhan vasitəsilə digər ölkələrə də neft nəql edilir.

Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir və əlbəttə ki, Azərbaycanın regiondakı rolu artmaqdadır. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı oldu və ilk dəfə olaraq Azərbaycan beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi. Çünki o vaxta qədər biz təbii qazı idxal edirdik. Yəni, biz əsas enerji layihəsi olan Cənub Qaz Dəhlizi istiqamətində davamlı olaraq irəliləmişik və bu gün bu layihənin icrası artıq reallıqdır. Xatırlayıram ki, 2012-ci ildə Azərbaycan və Türkiyə TANAP layihəsi ilə bağlı müqavilə imzaladı və bu, Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsi idi. Bir il sonra, 2013-cü ildə “Şahdəniz-2” layihəsi üzrə sərmayə qərarı qəbul edildi və elə həmin ildə Trans-Adriatik boru kəməri TANAP-ın davamı olaraq seçildi. Bütün bunlar onu nümayiş etdirir ki, biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Biz vahid komanda şəklində çalışmağımız nəticəsində uğurdan bəhs edə bilərik.

Ötən ilin fevral ayındakı sonuncu görüşümüzdən sonra iki mühüm tədbir keçirildi - biri Azərbaycanda, digəri isə Türkiyədə. May ayında Cənub Qaz Dəhlizinin, iyunda isə TANAP-ın rəsmi açılışları baş tutdu. Bunlar “Şahdəniz” yatağının istismarı və Cənub Qaz Dəhlizinin həyata keçirilməsi baxımından mühüm hadisələr idi. Bu gün biz bu nəhəng enerji layihəsinin yekunlaşdırılmasına yaxınıq. Onun dörd elementindən üçü artıq hazırdır və istifadə olunur. TANAP layihəsinin istifadəyə verilməsindən sonra 1 milyard kubmetr qazın Türkiyə bazarına ixracı bizi məmnun edir.

Trans-Adriatik boru kəmərinin inşasında da böyük irəliləyiş var. Ötən ilin fevral ayında şura qarşısında çıxışımda TAP-ın hazırlığının 67 faiz səviyyəsində olduğunu qeyd etmişdim. İndi isə son göstəricilərə görə bu rəqəm 87 faizdir. Yəni, bir ildə biz böyük irəliləyişə nail olmuşuq, işlər uğurla gedir və ümidvaram ki, gələn il biz yeni nəticələr haqqında danışacağıq.

Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir. Hesab edirəm ki, biz burada yaxşı balans tapa bilmişik - yəni, istehsalçı olan Azərbaycan və istehlakçı və tranzit dövlətlər arasında. Maraqların balansı bu layihənin uğurunu şərtləndirir. Çünki biz bir-birimizin ehtiyac və narahatlıqlarını anlamağa çalışırıq. Çalışmışıq ki, bir-birimizi dəstəkləyək, zənnimcə, bu işdə uğurlu olmuşuq və belə toplantıların əhəmiyyəti olduqca böyükdür. Çünki biz il ərzində görülən işləri nəzərdən keçirir, eyni zamanda, gələcək addımlarımızı planlaşdırır və işimizin irəlilədilməsi məqsədilə il ərzində isə ikitərəfli və çoxtərəfli görüşlər, məsləhətləşmələr və konfranslar keçiririk. Bir daha qeyd edirəm ki, Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Çünki o, həmçinin nəqliyyat marşrutlarını və mənbələri şaxələndirir. Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir və təbii ki, yeni kəmərlər inşa etməklə biz enerji marşrutlarını şaxələndiririk. Yəni, bu, tam şaxələndirmədir, əslində, bu, Avropanın enerji xəritəsini dəyişdirir və beləliklə, Cənub Qaz Dəhlizinin əhəmiyyəti artır.

Əlbəttə ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz yaxşı anlayırıq ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətinləşir. Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. O dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Beləliklə, bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir.

Bu gün toplantının formatı onu nümayiş etdirir ki, biz çox geniş beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik. Maliyyə qurumları, şirkətlər və ölkələrin bir amalı var. Biz bu layihənin reallaşdırılmasına inanırıq və hesab edirik ki, hər birimiz üçün bu, uzunmüddətli uğur hekayəsi olacaqdır.

Azərbaycanın qaz ehtiyatlarına gəldikdə, təsdiq edilmiş ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Əlbəttə ki, “Şahdəniz” Azərbaycanın əsas qaz yatağıdır. Lakin, eyni zamanda, hazırda istismar prosesində olan digər yataqlar da var və düşünürəm ki, tezliklə biz “Abşeron” yatağından yaxşı nəticələr əldə edəcəyik. Əminəm ki, ən yaxın gələcəkdə biz oradan qaz hasil etməyə başlayacağıq. Böyük qaz ehtiyatına malik “Ümid”, “Babək” yataqları və digər yataqlar da çox ümidvericidir. Ona görə də mən əminəm ki, “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyi olmayacaq və yataqlarımızdan nə qədər çox qaz hasil edilsə, tərəfdaşlarımızı təchiz etmək və haqqında danışdığımız təchizat şəbəkəsini şaxələndirmək üçün daha çox potensial olacaq.

Əlbəttə ki, enerji əməkdaşlığı layihələri digər sahələrdəki əməkdaşlıqda da çox mühüm rol oynayır. Mən xüsusilə nəqliyyatı qeyd edərdim. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ölkəmizin ərazisindən keçir. Biz müasir nəqliyyat infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq. Bakı dəniz limanı, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, magistral yollar, Xəzər dəniz gəmiçiliyi, hava limanları - bütün bunlar bizim neft və qaz satışından əldə etdiyimiz gəlirlər sayəsində mümkün olub. Beləliklə, biz gəlirləri əlavə gəlir gətirəcək və ümumi işə xidmət edəcək sektorlara yönəltmişik. Çünki nəqliyyat layihələri, eləcə də enerji layihələri ölkələri birləşdirir. Ölkələr əlaqəli, qarşılıqlı şəkildə bir-birindən asılı olur və hər kəs mənfəət əldə edir. Ona görə də biz enerji təhlükəsizliyi layihələrinin faydasını digər sahələrdə görürük.

Əlbəttə ki, Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş, xarici investisiyaları 100 faiz qoruyan ölkə kimi təqdim etməyə imkan verib. Bizim enerji şirkətləri ilə bütün müqavilələrimiz parlament tərəfindən ratifikasiya olunur və qüvvəyə minir. Bu səbəbdən də investorlar 100 faiz əmin olurlar ki, bu müqavilələrdə bir söz belə dəyişdirilməyəcək. Bu, etimad yaradır. Bu, həmçinin bizə digər sektorlara milyardlarla investisiya cəlb etməyə imkan verib.

Azərbaycana yatırılmış investisiyaların ümumi həcmi 250 milyard dollara yaxındır. Bunun yarısı xarici investisiyalardır. Bu, bizə iqtisadiyyatımızı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, yaxşı biznes mühiti yaratmağa imkan verib. Dünya Bankının sonuncu “Doing Business” hesabatına əsasən Azərbaycan 25-ci yerdədir. Beləliklə, biz möhtəşəm uğur qazanmışıq və biznes mühiti nöqteyi-nəzərindən 10 ən islahatçı ölkədən biriyik.

Enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində biz infrastruktura, sosial infrastruktura böyük həcmdə investisiya yatırmağa, əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq. Ona görə də bu layihə bizim üçün, əminəm ki, hamımız üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

Şadam ki, bu gün biz uğurlar, nəticələr barədə danışa bilirik və sözsüz ki, bu gün biz gələcək planlar barədə də danışacağıq.

Sizə uğurlar arzulayıram. Bizimlə birgə olduğunuza görə sizə təşəkkür edirəm.

X X X

Azərbaycanın energetika naziri Pərviz Şahbazov budəfəki toplantıda da mühüm məsələlərin müzakirə olunacağını deyərək sözü Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerə verdi.

Avropa Komissiyasının komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger çıxış edərək bildirdi ki, Avropa İttifaqı strateji əhəmiyyətə malik Cənub Qaz Dəhlizi layihəsinin yaxın zamanlarda tamamlanması üçün üzv dövlətlərlə sıx əməkdaşlıq edir. Bu layihənin Avropa İttifaqının enerji təhlükəsizliyini xeyli gücləndirəcəyini deyən Günter Ottinger Prezident İlham Əliyevə bu toplantılara dəstək verdiyinə görə təşəkkür etdi və Məşvərət Şurasının iclaslarının layihənin reallaşmasında mühüm rol oynadığını bildirdi. “Bu gün Azərbaycan güclü artım tempinə malik ölkədir və iqtisadi çağırışlarını inamla həll edir”, - deyən Avropa İttifaqının rəsmisi əlverişli geosiyasi mövqeyə malik Azərbaycanın enerjini hasil və ixrac edən mühüm ölkə olduğunu və Avropa İttifaqının Azərbaycanın zəngin enerji təcrübəsindən faydalandığını vurğuladı. “Avropa İttifaqı üçün Azərbaycan Mərkəzi Asiya və Çinə çıxış yoludur”, - deyən komissar Azərbaycanın enerji şaxələndirilməsi planlarına da Avropa İttifaqının öz dəstəyini ifadə etdiyini bildirdi.

X X X

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işini plenar sessiya ilə davam etdirdi.

Sessiyada Azərbaycanın energetika naziri Pərviz Şahbazov, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi, ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk, Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, TANAP-ın baş direktoru Saltuk Düzyol və TAP-ın icraçı direktoru Luka Şipati çıxış etdilər.

Sonra Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi və “Şahdəniz-2” layihəsinə həsr olunan videoçarx nümayiş olundu.

Daha sonra Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə qəbul edildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib