İQTİSADİYYAT
Bakıda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının tədbirləri keçiriləcək
Bakı, 1 fevral, AZƏRTAC
Bakıda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının assambleyası və konfransı keçiriləcək.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 1-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev DHL şirkətinin məhsul və əməliyyatlar üzrə vitse-prezidenti Zoltan Reszekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühiti və sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, sözügedən sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
Gömrük sistemindəki son yeniliklər barədə də məlumat verən Aydın Əliyev bildirib ki, Azərbaycanda gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, elektron xidmətlərinin sayının artırılması, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması istiqamətində məqsədyönlü işlər görülüb.
Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verildiyini, Azərbaycan Gömrük Xidmətinin ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması naminə biznes subyektləri ilə hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu vurğulayan DGK sədri DHL Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığın buna əyani misal olduğunu söyləyib. Ötən il DHL Azərbaycan nümayəndəliyi əməkdaşlarının gömrük sahəsindəki biliklərinin artırılması üçün təşkil edilən təlimi nümunə göstərən Aydın Əliyev, qarşılıqlı işgüzar münasibətlərin inkişafının vacibliyini diqqətə çatdırıb, eyni zamanda cari ilin mayın 2-4-də Bakıda keçiriləcək Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının assambleyası və konfransına DHL şirkətinin nümayəndələrinin də qatılacağına ümidvar olduğunu bildirib.
Ötən il Dövlət Gömrük Komitəsi tərəfindən DHL Azərbaycan nümayəndəliyi əməkdaşlarının gömrük sahəsindəki biliklərinin artırılması məqsədilə təşkil edilən təlimə görə minnətdarlığını ifadə edən DHL şirkətinin məhsul və əməliyyatlar üzrə vitse-prezidenti Zoltak Reszek, təlimin şirkət əməkdaşları üçün faydalarından məmnunluqla bəhs edib. DHL rəsmisi Bakıda keçiriləcək Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının assambleyası və konfransında təmsil etdiyi qurum əməkdaşlarının iştirak edəcəyini bildirib, eyni zamanda bu ilin yayında Mingəçevir şəhərində təşkil olunacaq “Qlobal ticarətin avtomatlaşdırılması: gömrük xidmətində qərarların qəbul edilməsində “əşyaların interneti” və “böyük həcmli verilənlərin təhlili” mövzusunda ənənəvi konfransda fəaliyyət sahələri barədə təqdimatla çıxış etmək istəklərini dilə gətirib.
Görüşdən sonra qonaqlar Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsində gömrük xidmətinin müasirləşdirilməsi ilə bağlı layihələrlə tanış olublar.