CƏMİYYƏT
Bakıda “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilib
Bakı, 1 may, AZƏRTAC
Mayın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın məlumatına görə, konfransda çıxış edən komitə sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, bu zəngin xəzinənin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilib, qapıları uzun müddət bağlı qalan müqəddəs ibadət ocaqları fəaliyyətini bərpa edib, onların təmiri və inşası geniş vüsət alıb.
O bildirib ki, Azərbaycan xalqının Ümummilli Liderinin ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, böyüməkdə olan nəslin sağlam ruhda tərbiyəsində, eləcə də bölgədə sülhün və sabitliyin bərqərar edilməsində müstəsna xidmətləri olub.
Komitə sədrinin birinci müavini Səyyad Salahlı dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb. O, Ulu Öndərin həyata keçirdiyi siyasətdə tolerantlığın hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev isə Ümummilli Liderin məscidlərin, dini məbədlərin tikilməsinə böyük təşəbbüs göstərdiyini xatırladıb. O vurğulayıb ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının tanınmış şəxsiyyətlərindən biridir. O, Azərbaycanla Şərq və Qərb ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə əvəzsiz töhfələr bəxş edib.
Gürcü Yəhudiləri Dini icmasının rəhbəri Zamir İsayev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu tolerantlıq ideyalarından bəhs edib. Qeyd edib ki, Azərbaycanda dinindən və millətindən asılı olmayaraq hər kəs birgə mehriban yaşayır.
Sonda DQİDK-nın dini icmalar arasında Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.