İDMAN
Bakıda “Red Bull Dance Your Style” yarışı keçiriləcək
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 3-də Heydər Əliyev Mərkəzinin parkında ölkənin ən böyük və həyəcanlı rəqs yarışı - “Red Bull Dance Your Style” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, küçə rəqsləri tərzində çıxış edən 16 rəqqas meydanda təkbətək mübarizə apararaq ən yaxşı olmağa çalışacaq. Həyəcanlı məqam isə rəqqasların DJ tərəfindən səsləndiriləcək musiqilərdən xəbəri olmaması və improvizasiya etmələridir.
Yarışda qalibi tamaşaçılar seçəcək. Qırmızı və göy rənglər olmaqla, iki hissəyə bölünən rəqs meydanında iştirakçılar da göy və qırmızı rənglər altında çıxış edəcəklər. Səs vermək üçün tamaşaçılara bir tərəfi qırmızı, digər tərəfi isə göy rəngdə olan kartlar paylanılacaq. “Battle” formatında mübarizə aparan rəqqaslardan hər hansı birini bəyənən tamaşaçı rəqqasın rəngində olan kartın tərəfini qaldıraraq onun lehinə səs vermiş olacaq.
Gənclər tərəfindən sevilən Hiss və Orxan Zeynallı məhz “Red Bull Dance Your Style” üçün trek hazırlayaraq meydanda bir-birinə qarşı çıxış edəcəklər. Tamaşaçılar onlar arasından da “Queen of the night” və ya “King of the night” seçəcək. Həmçinin reper A.T Xtkr da hazırladığı xüsusi treki ilə meydana daha da həyəcan qatacaq.
Azərbaycanda seçilən ən yaxşı rəqqas Frankfurtda keçiriləcək qlobal finalda ölkəmizi təmsil etmək şansı qazanacaq.