İQTİSADİYYAT
Bakıda Xüsusi Amerika Biznes Təcrübə Təlim Proqramı üzrə biznes rəhbərləri üçün marketinq seminarı keçirilmişdir
Bakı, 19 iyul (AZƏRTAC). İyulun 19-da Bakıda Xüsusi Amerika Biznes Təcrübə Təlim Proqramının (SABİT) 25-ə yaxın məzunu üçün marketinq seminarı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, seminarın açılışında ABŞ-ın Bakıdakı missiya rəhbərinin icraçı müavini Maykl Qrin çıxış edərək seminarın əhəmiyyətindən danışmışdır. O bildirmişdir ki, bugünkü seminar Azərbaycanda marketinq sahəsinin inkişafına, həmçinin iqtisadi islahatlara töhfəsini verəcəkdir.
Seminarda bazarın seqmentasiyası, biznes analizlərində marketinqin rolu, müasir marketinqin başlıca aspektləri və digər məsələlərlə bağlı mühazirələr dinlənilmiş, müzakirələr aparılmışdır.
SABİT proqramının regional əlaqələndiricisi Sergey Sviderski seminar ilə bağlı fikirlərini bölüşərək demişdir: “2002-ci ildən etibarən hər il Bakıda SABİT proqramının seminarları təşkil olunur. Proqram çərçivəsində Azərbaycan biznesmenləri, bu sahədə çalışan rəhbərlər ABŞ-da marketinq sahəsi üzrə təlim keçmişlər. Marketinq biznesin ayrılmaz hissəsidir. Marketinq sahəsini öyrəndikdən sonra bazardakı vəziyyəti doğru şəkildə qiymətləndirmək mümkündür”.
Sergey Sviderski diqqətə çatdırmışdır ki, SABİT proqramı Avrasiyanın biznes rəhbərləri üçün ABŞ-ın mütərəqqi biznes təcrübəsi üzrə təlim keçməklə tərəfdaşlıq yaradır və texniki yardım göstərir. 1990-cı illərin əvvəllərindən keçmiş Sovet İttifaqı ilə ticarət əlaqələrini təşviq etmək məqsədi ilə fəaliyyətə başlayan bu təlim proqramları ABŞ sənayesi üçün dəyərli ixrac və investisiya imkanları yaratmaqla, Avrasiyanın iqtisadiyyatı və vətəndaş cəmiyyətinin inkişafını birbaşa dəstəkləyir.