İDMAN
Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilib VİDEO
Bakı, 5 mart, S.Quliyev, H.Mahmudova, AZƏRTAC
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən batut gimnastikası üzrə dünya kuboku yarışlarının martın 5-də təntənəli açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mərasimdə yarışlarda iştirak edən ölkələrin bayraqları meydana gətirilib, komandalar təqdim olunub.
Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb, bu mötəbər yarışın ölkəmizdə təşkilindən məmnunluğunu bildirib.
Nazir vurğulayıb ki, batut gimnastikası üzrə dünya kuboku yarışları Azərbaycanda ilk dəfə təşkil olunur. Bu yarış respublikamızın idman həyatı üçün mühüm hadisədir. Həmçinin yarış 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə təsadüf edir. Mötəbər yarışda 17 ölkədən güclü atletlər Milli Gimnastika Arenasında birincilik uğrunda mübarizə aparırlar.
“Azərbaycan irimiqyaslı beynəlxalq turnirlərə, həmçinin Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi edir. Beynəlxalq idman qurumları da bunu nəzərə alaraq belə mötəbər tədbirlərin keçirilməsini tərəddüdsüz olaraq ölkəmizə həvalə edirlər. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır”, - deyə A.Rəhimov qeyd edib.
Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilməsindən sonra idmanın bu növünün daha da inkişaf etdiyini vurğulayan nazir iştirakçılara uğurlar arzulayıb.
Sonra Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə Texniki Komitəsinin prezidenti Horst Kunze yüksək təşkilatçılıq və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. FIG-in prezidenti Bruno Qrandinin salamlarını Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə və yarış iştirakçılarına çatdıran Horst Kunze hazırlıq prosesində uğurlu fəaliyyətinə görə AGF-ə minnətdarlığını bildirib. Qonaq yarışların gərgin idman mübarizəsi şəraitində keçdiyini diqqətə çatdırıb, Azərbaycanda gimnastikanın inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Dünya kuboku yarışlarının iştirakçılarını Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın adından salamlayan AGF-in vitse-prezidenti Altay Həsənov iki həftə əvvəl Bakının ilk dəfə idman gimnastikası üzrə dünya kuboku yarışlarına uğurla ev sahibliyi etdiyini diqqətə çatdırıb. Bildirib ki, cari ilin əvvəlində Milli Gimnastika Arenasında ardıcıl olaraq gimnastika üzrə irimiqyaslı yarışlar təşkil olunub. Bu, ölkəmizdə gimnastikanın inkişafından xəbər verir. Ölkəmizdə yeni nəsil yetişir və güclü idmançıların formalaşması üçün hər cür şərait yaradılır. Turnirin təşkilində əməyi keçən hər kəsə minnətdarlığını bildirən Altay Həsənov dünya kuboku yarışlarını açıq elan edib.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Sonda gənc gimnastların iştirakı ilə “Azərbaycan gimnastikasının gələcəyi” adlı kompozisiya təqdim olunub.
İki gün davam edəcək yarışda 17 ölkədən 77 gimnast fərdi və sinxron çıxış proqramında mübarizə aparır. İştirakçılardan 46-sı kişi, 31-i isə qadındır.