İQTİSADİYYAT
Bakıda ilin ən böyük təhsil sərgisi keçirilir
Bakı, 13 aprel (AZƏRTAC). Aprelin 13-də Türkiyənin məşhur “Akare International Education Fairs” şirkətinin təşkilatçılığı ilə Bakıda 2013-cü ilin ən böyük təhsil sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, sərgidə Türkiyə, Şimali Kipr, Malayziya, ABŞ, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, İsveçrə, Belarus, İtaliya, Kanada, Fransa və digər ölkələrin nüfuzlu universitetləri, dil kursları və şirkətləri iştirak edirlər. Ümumilikdə, sərgidə 19 ölkənin 80 ali təhsil ocağı təmsil olunur.
Tədbirdə iştirakçılara xaricdə təhsil, MBA proqramları və dil kursları barəsində ətraflı məlumatlar verilmişdir. Universitetlərin, dil kurslarının və beynəlxalq təhsil təşkilatlarının nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtləri, müxtəlif ixtisaslar üzrə tədris proqramları və digər məsələlərlə bağlı sualları cavablandırmışlar.
Eyni zamanda, bu təhsil qurumlarının azərbaycanlı tələbələr üçün pulsuz təhsil almaq imkanı yaradan proqramları da təqdim olunmuşdur.
Sərgi iki gün davam edəcəkdir.