CƏMİYYƏT
Bakıda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb VİDEO
Bakı, 17 aprel, AZƏRTAC
Paytaxtın Nizami rayonunda kanalizasiya quyularının qapaqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Lətifxan Musayev tutulub.
Araşdırma zamanı onun Keşlə qəsəbəsi ərazisində beş kanalizasiya quyusunun qapağını oğurladığı müəyyənləşib. Saxlanılan zaman L.Musayevin üzərindən 1 büküm psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Qeyd edilən faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə DİN-in “102” Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.