ELM VƏ TƏHSİL
Bakıda keçirilən beynəlxalq elmi konfransın bir qrup iştirakçısı Bakı Slavyan Universitetində olub
Bakı, 16 mart, AZƏRTAC
Bakıda keçirilən “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfransın bir qrup iştirakçısı martın 16-da Bakı Slavyan Universitetində (BSU) olub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə bu universitetin rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, təhsil sistemi, beynəlxalq əlaqələri, burada fəaliyyət göstərən 11 tədris və mədəniyyət mərkəzi barədə ətraflı məlumat verib. Azərbaycanda hökm sürən multikultural mühitdən, tolerant dəyərlərdən danışan N.Əliyeva vurğulayıb ki, multikulturalizm ənənələrinin Azərbaycanın dövlətçilik prinsiplərində aparıcı olması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu ilin mayında Ulu Öndərin anadan olmasının 95 illiyi ilə əlaqədar BSU-da “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçiriləcək ənənəvi beynəlxalq konfransdan söz açan N.Əliyeva bildirib ki, universitet mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bəşəriyyətin inkişafında gənclərin rolunu qeyd edən rektor diqqətə çatdırıb ki, multikulturalizmin mərkəzi sayılan BSU-da tələbələrin təhsillərini mükəmməlləşdirmələri üçün hər cür şərait yaradılıb.
Qonaqlar Azərbaycan mədəniyyətinə, ədəbiyyatına olan maraqlarından danışıblar. Nizami Gəncəvinin yaradıcılığını yüksək dəyərləndirən Finlandiyanın Helsinki Universitetinin professoru Eero Tarasti onu Azərbaycan ədəbiyyatının incisi adlandırıb. Qazax Milli Universitetinin nümayəndəsi Ənvər Qaliyev qazax və Azərbaycan xalqlarının oğuz etnik qrupuna mənsubluğu və bu xalqların bir-birinə yaxın mədəniyyətlərinin olması barədə danışıb. Braziliyanın Paraiba Dövlət Universitetinin professoru xanım Sudha Svarnakar Azərbaycan ədəbiyyatı nümunələrindən bir neçəsini portuqal dilinə tərcümə etdiyini və əcnəbi tələbələrin bu əsərləri maraqla oxuduqlarını deyib. O, BSU-da Nizami Gəncəvinin əsərlərindən ibarət dekorasiyaya heyran qaldığını bildirib.
Sonra qonaqlar BSU-nun tədris və mədəniyyət mərkəzlərində olub, universitetin “Arzu” rəqs ansamblının üzvləri ilə birgə “Yallı” rəqsini ifa ediblər.