İDMAN


Bakıda taekvondo üzrə “Koreya səfiri kuboku” uğrunda turnirin açılış mərasimi olub

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş taekvondo üzrə gənclər arasında “Koreya səfiri kuboku” turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, sayca dördüncü olan bu yarış Azərbaycan Boks Federasiyasının idman zalında təşkil edilib.

Turnirin keçirilməsinin məqsədi respublikada taekvondo idman növünün təbliği və inkişafı, idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılması, gənclərdən ibarət yığma komandanın tərkibinin müəyyənləşdirilməsi, eləcə də Azərbaycan və Koreya Respublikası arasında idman sahəsində əlaqələrin genişləndirilməsidir.

Turnirin açılış mərasimində çıxış edən ATF-in vitse–prezidenti Nağı Səfərov ulu öndər Heydər Əliyevin Azərbaycanda idmana göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, belə yarışlar Azərbaycanda taekvondonun inkişafına mühüm töhfə verir. ATF-in vitse–prezidenti yarışın təşkilində göstərdiyi dəstəyə görə Koreya Respublikasının ölkəmizdəki səfirliyinə minnətdarlığını bildirib.

Koreya Respublikasının Azərbaycandakı səfiri səlahiyyətlərini icra edən Kim Tonq Op taekvondonun tarixi haqqında məlumat verib. O, taekvondoya maraq göstərdikləri üçün azərbaycanlı idmançılara təşəkkürünü bildirib.

Taekvondo üzrə Azərbaycan millisinin bu yaxınlarda Birləşmiş Ərəb Əmirliyindəki komandalararası dünya çempionatında qazandığı bürünc medallara görə təbriklərini çatdıran Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov gənc taekvondoçuların yetişməsində belə yarışların keçirilməsinin böyük əhəmiyyət daşıdığını deyib. Turnirdə iştirak edən gənc idmançıların gələcəkdə Olimpiya, dünya çempionları ola biləcəklərini qeyd edən şöbə müdiri onlara uğurlar arzulayıb.

Sonra turnirə start verilib.

Yarışda respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin və klublarının üzvləri, 2002-2004-cü il təvəllüdlü gənc oğlan və qız idmançılar 10 çəki dərəcəsində mübarizə aparırlar. İki gün davam edəcək yarışda 300-dən çox gənc taekvondoçu iştirak edir. “DAEDO” beynəlxalq taekvondo qaydaları üzrə keçirilən turnirin sonunda hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılar ATF və Koreya Respublikası səfirliyinin təsis etdiyi kubok, müvafiq diplom və medallarla mükafatlandırılacaqlar.

Xatırladaq ki, 2015-ci ildən keçirilən turnir əvvəllər Qubada, Qəbələdə və Sumqayıtda təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.