MƏDƏNİYYƏT
Bakıda tanınmış rəssam Cahangir Rüstəmovun sərgisi açılıb
Bakı, 1 aprel, AZƏRTAC
Aprelin 1-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq Rəssamı Cahangir Rüstəmovun anadan olmasının 90 illiyi münasibətilə fərdi yaradıcılıq sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə açılan sərgidə rəssamın bənzərsiz əsərləri nümayiş olunub.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək bildirib ki, ömrünün 50 ilindən çoxunu Azərbaycan təsviri sənətinin inkişafına və təbliğinə həsr etmiş C.Rüstəmov 1926-cı ildə Şəkidə anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra doğma vətənin yaradıcılıq həyatında fəal iştirak edib.
Diqqətə çatdırılıb ki, rəssam yaradıcılığında əsas yeri əmək mövzusuna verib, kənd zəhmətkeşlərinin həyatını və məişətini böyük ustalıqla öz əsərlərində əks etdirib.
Tədbirdə muzeyin direktoru Çingiz Fərzəliyev, Xalq rəssamları Fərhad Xəlilov, Ömər Eldarov və Fuad Salayev C.Rüstəmovun sənət dünyasından söz açıblar.
Bildirilib ki, rəssamın yaradıcılığı rəngkarlığın bir çox janrını əhatə edərək, dərin milli ruh və poetikliyi ilə fərqlənir. Yaratdığı tarixi mövzuda çoxfiqurlu lövhələr, həm bayram, zəhmət və istirahət mövzusunda kompozisiyalar, həm də məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna əyani sübutdur.
Qeyd edilib ki, C.Rüstəmovun rəngarəng əsərləri nəinki respublikamızda, həm də onun hüdudlarından kənarda da yüksək dəyərləndirilib. Onun əsərləri Rusiya, Türkiyə, Bolqarıstan, Macarıstan, İran, Suriya, Livan, Rumıniya və bir çox başqa xarici ölkələrdə böyük müvəffəqiyyətlə nümayiş etdirilib. Onun əsərləri bir çox muzeylərin, qalereyaların fondlarında saxlanılır.
Bildirilib ki, təsviri sənətimizin inkişafındakı xidmətlərinə görə zəhməti hər zaman yüksək qiymətləndirilən Cahangir Rüstəmov 2007-ci ildə vəfat edib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə rəssamın “Yaşıl çay plantasiyası”, “Bakı”, “İslam memarlıq abidəsi”, “Karfagen yaxınlığında”, “Cənublular. Sosialist yarışmasının qalibləri”, “Qəhrəman sələfimiz”, “Sahil”, “Kür mənzərəsi”, “Torpağın oyanması” və digər tabloları nümayiş olunub.