CƏMİYYƏT
Bakıxanov qəsəbə sakininin evindən silah-sursat aşkarlanıb
Bakı, 18 yanvar, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Balakişiyevin evinin zirzəmisində nömrəsi silinmiş “AKMS” markalı silah, bir patron darağı və 4 patron aşkarlanıb.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri digər əməliyyat-axtarış tədbiri nəticəsində isə Bülbülə dəmir yolu stansiyası ərazisində paytaxt sakini, əvvəllər məhkum olunmuş Ş.Sadıxovdan “Makarov” markalı tapança, bir patron darağı və üç patron aşkarlanaraq götürülüb.