İDMAN
“Baku Fires”lə “Mexico Guerreros” arasında həlledici qarşılaşmaya start verilib
Quba, 7 may, Elxan Yusifli, AZƏRTAC
Quba Olimpiya İdman Kompleksində “Baku Fires” komandası ilə “Mexico Guerreros” klubu arasında Dünya Boks Seriyası (WSB) liqasının ikinci dörddəbir final qarşılaşması başlayıb.
AZƏRTAC xəbər verir ki, həlledici görüşün ilk döyüşündə Murad Rabadanov (52 kq, “Baku Fires”) Orlando Ahuatl Huitzillə (“Mexico Guerreros”) qarşılaşır. Növbəti döyüşlərdə isə Nəsrəddin Məmmədov (60 kq) Delqado Garza Lindolfo, Orxan Xasməmmədov (69 kq) Reyes Anguiano Hektor Andres, Mixail Dauqalivets (81 kq) Mina Kaisedo Karlos Andres, Hacı Murtuzəliyev (+91 kq) isə Ramirez Vargas Edgar Alberto ilə üz-üzə gələcək.
İki görüşün nəticəsinə görə bərabərlik qeydə alınarsa, əlavə döyüşdə təmsilçimiz Cavid Dadaşov (49 kq) Burgos Ferrer Jose Alexandro ilə həlledici döyüşə çıxacaq.
Xatırladaq ki, “Baku Fires” komandası ilə “Mexico Guerreros” klubu arasında mayın 6-da keçirilən Dünya Boks Seriyası (WSB) liqasının ilk dörddəbir final qarşılaşmasında meksikalılar 4-1 hesabı ilə qalib gəlib.
İki görüşün nəticəsinə görə üstün olan komanda yarımfinalda liqanın son çempionu “Cuba Domaderos”la üz-üzə gələcək və hər iki qarşılaşma rəqib meydanında təşkil olunacaq.