REGİONLAR
Balacaların bayram konserti alqışlarla qarşılanıb VİDEO
Xırdalan, 26 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Fidanların Yeni il sevinci” adlı bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Xırdalan şəhərindəki Mədəniyyət Mərkəzində təşkil olunan bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova balacaları bayram münasibətilə təbrik edərək, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən və əhəmiyyətindən danışıb.
Bildirilib ki, son illər rayonda uşaqların sağlam böyümələri, yetkin vətəndaş kimi formalaşmaları və keyfiyyətli təhsil almaları üçün normal şərait yaradılıb, yeni uşaq bağçaları inşa edilib.
Sonra rayonda fəaliyyət göstərən uşaq bağçalarının fidanları bir-birindən maraqlı rəqs nümunələri, səhnəciklər göstəriblər. Balacaların hazırladığı konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Bayram şənliyində iştirak edən nağıl qəhrəmanları, şən klounlar, eləcə də yeni ilin rəmzi simvolları - Şaxta baba və Qar qız uşaqları şənləndirib.
Sonda tədbir iştirakçılarına rayon icra hakimiyyəti adından Yeni il hədiyyələri paylanılıb.