REGİONLAR


Balakəndə heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri aparılır

Bakı, 19 fevral, AZƏRTAC

Cari ilin ilk günlərindən başlayaraq bütün ölkə ərazisində olduğu kimi, Balakən rayonunda da kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Balakən Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində yerləşən “Azər-Aqro”ya məxsus təsərrüfatda 70 baş simmental, holiştin-friz cinsindən olan iribuynuzlu heyvanda qarayara və dabaq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb.

Ümumiyyətlə, cari ilin tədbirləri başlayandan indiyə kimi 11 sahə baytarlıq məntəqəsi vasitəsilə rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında saxlanılan 31500 baş iribuynuzlu, 1700 baş təkdırnaqlı heyvanda qarayara, 1215 baş itdə quduzluq xəstəliklərinə qarşı profilaktik peyvəndləmə və 400 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb. Həmçinin 2680 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunəsi götürülüb.

Fevral ayının 10-dan isə Balakən rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (A, O, “Asiya-1”, “Tur-15” tiplərinə qarşı) peyvəndləmə tədbirinə başlanılıb. Artıq 2300 baş iribuynuzlu heyvanda bu tədbir aparılıb.

Baytar mütəxəssisləri həm də maariflənmə işi apararaq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verir, təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.

Balakən rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz, quşlarda nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.