CƏMİYYƏT
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
Bakı, 4 mart, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Talalar kənd sakini, əvvəllər məhkum olunmuş Muxtar Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı M.Mustafayevdən 0,38 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Onun ətrafında aparılan araşdırmalarla M.Mustafayevin rayonun Mahamalar kənd qəbiristanlığının ərazisində gizlətdiyi 292 qrama yaxın qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Abdulla Qallacov saxlanılıb. Onun üzərinə və avtomobilinə baxış keçirilən zaman 7,87 qram qurudulmuş marixuana aşkarlanıb. Aparılan araşdırmalar zamanı onun Kortala kəndi ərazisində əkib-becərdiyi 132,52 qram çətənə bitkisinin hissələri də aşkar edilərək götürülüb.
Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən şəhər sakini Rövşən Nəsibov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 7,16 qram qurudulmuş marixuana aşkarlanıb. R.Nəsibovun yaşadığı evə baxış keçirilən zaman oradan dörd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.