REGİONLAR
Balakəndə sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial layihə icra olunub
Balakən, 14 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” layihəsinin qalibi olmuş “Əngəlsiz gələcək” adlı sağlamlıq imkanları məhdud uşaqların inkişaf proqramı layihəsi Balakən rayonunda da uğurla icra olunur.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Təhsil Nazirliyinin maliyyə dəstəyi və İdarənin tərəfdaşlığı ilə icra olunan layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqların özlərini cəmiyyətin bir parçası hesab edərək, cəmiyyətə töhfə verməsini təmin etmək, istedadlarının üzə çıxarılması və sosiallaşmalarına təkan verməklə, onların şəxsi inkişafına nail olmaqdır.
İyunda startı verilən layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli uşaqlar üçün rəsm, rəqs, kulinariya dərnəkləri, ingilis dili kursları, psixoloji yardım və musiqi saatları təşkil olunub. Dərnək və kurslarda, ümumilikdə, 30 uşaq və yeniyetmə iştirak edib.
Layihənin yekununda uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib, layihəyə qoşulan uşaq və yeniyetmələrin hamısına hədiyyələr təqdim olunub.