CƏMİYYƏT
Balıqovlama bileti alanlar ovladığı su bioresurslarının növü və çəkisi barədə nazirliyə hesabatlar təqdim etməlidirlər
Bakı, 14 may, AZƏRTAC
Azərbaycanda balıq ovu balıqçılıq haqqında qanunvericiliklə tənzimlənir.
İdman və həvəskar balıq ovu insanların şəxsi ehtiyacları, istirahəti üçündür və bu məqsədlə su hövzələrində sərbəst ov edilə bilər, bunun üçün balıqovlama biletinin alınması tələb olunmur.
Qanunvericiliyə əsasən sənaye məqsədləri ilə balıq ovu ödənişlidir və bunun üçün balıqovlama biletlərinin alınması mütləqdir. Balıqovlama biletləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilir və biletləri elektron qaydada almaq mümkündür.
Balıqovlama bileti almış şəxslər hər ilin birinci yarısında, yəni iyulun 10-na kimi və ilin sonunda - növbəti ilin yanvar ayının 10-na qədər ovladığı balıq və digər su bioresurslarının növü və çəkisi barədə nazirliyə yarımillik və illik hesabatları təqdim etməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktoru Mehman Axundov mayın 14-də keçirilən mətbuat konfransında məlumat verib.
M.Axundov, həmçinin bildirib: "Nazirlik bu il 7 hüquqi və 80 fiziki şəxsə sənaye məqsədləri ilə kvotalar ayıraraq balıqovlama biletləri verib. Lakin sənaye məqsədilə balıqovlama biletinin alınması o demək deyil ki, bununla ilboyu, hər yerdə və qadağan olunmuş vasitələrlə ov etmək olar.
Birinci növbədə, ayrılmış kvotaya, yəni göstərilmiş balıq növü və müəyyən edilmiş çəki şərtlərinə əməl edilməlidir. İkincisi, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş yerlərdə ov edilməsi qaydalara ziddir. Bu da o deməkdir ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, su hövzələrindən asılı olaraq hər ilin aprel və may aylarının 1-dən balıqların çoxalma dövrü, yəni kürütökmə dövrü olduğundan onların ovlanması sentyabr ayının 1-dək qadağan edilir.
Xüsusi mühafizə olunan təbiət ərazilərində, o cümlədən qoruqların, milli parkların, yasaqlıqların ərazilərində, ümumiyyətlə sənaye balıq ovuna icazə verilmir. Ən əsası isə balıq ovunda qanunla qadağan olunmuş ov alətlərindən istifadə yolverilməzdir.
Təəssüf ki, bu hallara hələ də rast gəlinir və bu da ölkədə balıq ehtiyatlarının sürətlə tükənməsinə, bəzi nadir növlərin nəslinin kəsilməsinə şərait yaradır. Bütün balıqçılara müraciət edirik ki, qaydalardan kənar ov edilməsinə son qoysunlar, balıq ehtiyatlarının kökünün kəsilməsinə səbəb olmasınlar. Bu qaydalara əməl etməyənlərə qarşı qanunvericiliyə uyğun sərt və ciddi tədbirlər görülür".