İQTİSADİYYAT
“Bank Respublika” ASC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirilib
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Bakı Fond Birjasında (BFB) “Bank Respublika” ASC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədilə “Açılış Zəngi” mərasimi keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, 10 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC həyata keçirib. Açılış mərasimində emitent tərəfindən “Bank Respublika” ASC-nin idarə heyətinin sədri Tariyel İsmayılov, birja üzvü tərəfindən “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Ceyhun Hacıyev, BFB-nin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev “Açılış Zəngi” mərasimini açıq elan edərək “Bank Respublika” ASC-nin birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını deyib.