CƏMİYYƏT
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Şahid dindirmə müsabiqəsi”nin hazırlıq mərhələsi keçirilib
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Prokurorluğu gənc hüquqşünasların hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə marağını nəzərə alaraq onlarda cinayət, cinayət-prosessual hüquq sahəsində hüquqi biliklərin artmasına, praktiki bacarıqlarının formalaşmasına töhfə verilməsi, eləcə də prokurorluq orqanları ilə hüquq ictimaiyyəti, ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə ardıcıl tədbirləri davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlərin davamı olaraq, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Bakı İctimai Birliyi tərəfindən təşkil olunan və dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan “Şahid dindirmə müsabiqəsi”nin hazırlıq (təlim) mərhələsi keçirilib.
Təlimdə dinləyici qismində Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və ADA Universitetinin Hüquq fakültələrində təhsil alan tələbələr iştirak ediblər.
“Şahid dindirmə müsabiqəsi”nin hazırlıq mərhələsində Baş Prokurorluğun müvafiq sahələr üzrə ixtisaslaşmış və təcrübəli əməkdaşları tərəfindən dinləyicilərə təlimlər keçirilib və onları maraqlandıran suallar cavablandırılıb.
Sonda iştirakçılara müvafiq sertifikatlar verilib, təlimçilərə təşəkkürnamələr təqdim olunub.