CƏMİYYƏT
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 26-dan 28-dək Tbilisidə Beynəlxalq Prokurorlar Assosiasiyasının və Gürcüstan Baş Prokurorluğunun təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə Beynəlxalq Prokurorlar Assosiasiyasının 8-ci regional konfransı keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası və kibercinayətkarlıq mövzusunda keçirilən konfransda 30-dan artıq ölkənin hüquq-mühafizə orqanlarının rəsmiləri iştirak ediblər.
Tədbirdə elektron valyutada olan əmlakların və digər əmlak növlərinin izlənilməsi, müsadirəsi, bərpası və effektiv idarə edilməsi, elektron valyuta ilə törədilən çirkli pulların yuyulması cinayətlərinin istintaqı zamanı sübutların toplanılması və digər məsələlər müzakirə olunub.
Tədbir çərçivəsində K.Əliyev Gürcüstanın baş prokuroru İrakli Şotadze ilə görüşüb, qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Gürcüstan kütləvi informasiya vasitələrinin suallarını cavablandırıb, ölkəmizdə həyata keçirilən uğurlu islahatlar barədə ətraflı məlumat verib.
İştirakçılara Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən kitab və bukletlər təqdim edilib.