İDMAN
Baş məşqçi: üzgüçü Fatimə Alkərəmovanın olimpiadada uğurlu çıxışına ümid bəsləyirik
Bakı, 1 oktyabr, AZƏRTAC
Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının üzgüçülük yarışlarında Fatimə Alkərəmovanın uğurlu çıxış edəcəyinə ümid bəsləyirik.
Bu sözləri uzgüçülük üzrə yığma komandanın baş məşqçisi Rəşad Əbdülrəhmanov AZƏRTAC-a müsahibəsində deyib.
O, idmançının oyunlara 4 məsafə üzrə lisenziya qazandığını, lakin Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Üzgüçülük Federasiyası tərəfindən onun yalnız 200 metr məsafəyə sərbəst üsulda üzmə yarışlarında iştirakının təsdiqlədiyini bildirib. “Şübhəsiz, bu, planlarımıza bir qədər mənfi təsir etdi. Çünki idmançı əsas məsafəni üzməzdən əvvəl digər əlavə məsafələr üzrə yarışlarda da iştirak etməlidir ki, yaxşı nəticə əldə edə bilsin”, - deyə Rəşad Əbdülrəhmanov əlavə edib.
Baş məşqçi vurğulayıb ki, Olimpiya Oyunları adi yarış deyil və bu mötəbər yarışda qələbə qazanmaq idmançıdan böyük əzmkarlıq tələb edir: “Fatimə çalışqan və mübariz qızdır. Onun hazırlığını yüksək qiymətləndirirəm. Çalışacağıq ki, yaxşı nəticə əldə edək”.
Qeyd edək ki, Fatimə Alkərəmova IV İslam Həmrəyliyi Oyunlarında 4X100 metr məsafəyə sərbəst estafet və kompleks estafet yarışlarında bürünc medal qazanıb. O, Rio-De-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı bu idman növündə təmsil edən ən gənc idmançı olub.
Yeniyetmələrin III Yay Olimpiya Oyunları oktyabrın 6-dan 18-dək Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək.