İDMAN
Basketbolçulardan ibarət komandalar arasında “Təhsil liqaları”na start verilib
Bakı, 9 oktyabr, AZƏRTAC
Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin İdman Kompleksində 2018-2019-cu illər mövsümü üzrə “Təhsil liqaları”na start verilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında keçirilən “Təhsil liqaları”nın məqsədi yaş qrupları üzrə perspektivli basketbolçuların aşkar edilməsi, onların oyun təcrübəsinin artırılması və yığma komandaların müəyyənləşdirilməsindən ibarətdir.
Qeyd edək ki, hər iki yaş qrupu üzrə liqalarda idman məktəblərinin, müxtəlif idman təşkilatlarının 24 komandası mübarizə aparır.
İki dövrədən ibarət olan liqaların oyunları 2019-cu ilin iyun ayında başa çatacaq.
Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalar diplom, kubok, medallarla mükafatlandırılacaq, müxtəlif nominasiyalar üzrə seçiləcək basketbolçulara xüsusi mükafatlar veriləcək.