İDMAN
Batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatına yekun vurulub VİDEO
Bakı, 15 aprel, AZƏRTAC
Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, həm böyüklər, həm də gənclər arasında keçirilən çempionatda 25 ölkədən 400-dən çox idmançı mübarizə aparıb.
Dörd gün davam edən Avropa çempionatında Azərbaycan gimnastları bir qızıl və iki gümüş medal qazanıblar.
Azərbaycanı oğlanlar arasında tamblinq yarışında təmsil edən Mixail Malkin 77,400 xal toplayaraq Avropa çempionu olub.
Qadınlar arasında batut gimnastikası üzrə yarışlarda təmsilçilərimiz Veronika Zemlyanaya və Svetlana Makştarova cütlüyü gümüş medala layiq görülüblər.
Yarışın sonuncu günündə Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov növbəti - 27-ci Avropa çempionatına ev sahibliyi edəcək İsveç Gimnastika Federasiyasının nümayəndələrinə bayrağı təqdim edib.
Qeyd edək ki, 26-cı Avropa çempionatında yeniyetmə gimnastlar 2018-ci ildə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına lisenziya əldə ediblər.