İDMAN
Bədii gimnastika üzrə Türkiyə millisi Bakıda təlim-məşq toplanışında iştirak edir
Bakı, 14 fevral, AZƏRTAC
Bədii gimnastika üzrə Türkiyə milli komandasının üzvləri Bakıda təlim-məşq toplanışında iştirak edirlər.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, millinin məşqçisi Kameliya Dunavska qrup hərəkətləri üzrə Türkiyə komandasının Bakıda təlim-məşq toplanışının bir həftə davam edəcəyini bildirib.
“Biz Azərbaycana ona görə gəlmişik ki, Milli Gimnastika Arenasında idmançıların hazırlığı üçün Türkiyədə olmayan gözəl şərait yaradılıb. Bu cür şəraitdə idmançılarımızın məşq etməsi üçün imkan yaradan Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm. Fikrimcə, komandanın bütün üzvləri bu cür zalı arzulayırdılar, qızlar özünü buradan rahat hiss edir və Bakıda olmaqdan məmnundurlar”, - deyə məşqçi əlavə edib.
Məşqçi vurğulayıb ki, təlim-məşq toplanışından sonra komanda yeni mövsümün ilk yarışı üçün Moskvaya yola düşəcək.
K.Dunavska, həmçinin Bakıda keçirilən yarışların möhtəşəm təşkil olunduğunu qeyd edib: “Fikrimcə, dünyada heç kim gimnastika üzrə irimiqyaslı yarışları Azərbaycan kimi keçirə bilmir”.