ELM VƏ TƏHSİL
Bəhram Xəlilov: Dövlət orqanlarında vakant yerlərin arasında yüksək vəzifələr də var
Bakı, 14 sentyabr, AZƏRTAC
Hazırda dövlət orqanlarında vakant yerlərin sayı 1000-dən çoxdur. Vakant yerlərin arasında yüksək vəzifələr də var.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov deyib.
DİM-in Direktorlar Şurası sədrinin müavini vurğulayıb ki, dövlət orqanlarında yüksək kateqoriyalı vakant vəzifələrə də seçimin aparılmasına başlanılmalıdır. Bütün dövlət orqanları vakant yerləri açıq elan edərək Dövlət İmtahan Mərkəzinə təqdim etməlidir.
B.Xəlilov bu il dövlət qulluğuna qəbul üzrə müsabiqənin ilk mərhələsinin - test imtahanlarının oktyabrda keçiriləcəyini bildirib. Qeyd edib ki, bu imtahanlar bütün dövlət qulluğu vəzifələri üzrə keçiriləcək. İmtahanlarda iştirak edənlər sonda sertifikat alacaqlar. Sertifikatı alanlar bir vakant vəzifə üzrə müsahibənin keçirilməsi üçün elan verildikdə şərtlərə uyğun gəlirlərsə, növbəti müsahibə mərhələsində iştirak edə biləcəklər.
Sertifikat almaq üçün dövlət qulluğuna test imtahanlarında müvafiq keçid balları müəyyən ediləcək. Namizədlər müvafiq qruplar üzrə bu keçid ballarını topladıqları halda sertifikat əldə edə biləcəklər.