REGİONLAR
Bəhruz Kəngərli adına Sərgi Salonunda “Fırçamdakı sehrli dünyam” adlı sərgi açılıb
Naxçıvan, 20 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Aygün Hacıyevanın “Fırçamdakı sehrli dünyam” adlı hesabat sərgisi açılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, sənətşünas Nizami Alıyev çıxış edərək muxtar respublikada rəssamların fəaliyyəti üçün yaradılan hərtərəfli şəraitin gələcəkdə rəssam olmaq istəyən gənclərin sayını artırdığını vurğulayıb. Bildirib ki, Aygün Hacıyeva bu şəraitdən səmərəli istifadə edən istedadlı gənclərimizdən biridir. O, Xalq rəssamı Hüseynqulu Əliyevin, Əməkdar rəssam Həmzə Sadiqovun emalatxanalarında rəssamlığın sirlərinə yiyələnib. Gələcək təhsilini isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirmək istəyir. Nizami Alıyev gənc rəssama yaradıcılıq uğurları arzu edib.
Sonra Xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov, Rəssamlar Birliyinin üzvü Qəhrəman Tağıyev çıxış edərək gənc rəssamın çəkdiyi rəsm əsərlərinin maraqla qaşılandığını bildirib, ona yeni-yeni uğurlar arzulayıblar.
Rəssamın özü və atası Emin Hacıyev çıxış edərək minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, sərgidə mənzərə, portret janrlarında 35 rəsm əsəri nümayiş olunub. Sərgi bir həftə davam edəcək.