İQTİSADİYYAT
Bəkir Çobanzadə küçəsində təmir-tikinti işləri aparılıb VİDEO
Bakı, 2 fevral, AZƏRTAC
Bakının Nizami rayonunda daha bir küçədə təmir-tikinti işləri həyata keçirilib.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işləri Bəkir Çobanzadə küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsində aparılıb. Təmir işlərinin aparıldığı ərazinin uzunluğu 924 metr, küçənin ortalama eni isə 15 metrdir.
Təmir-tikinti işləri zamanı küçədə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi yenilənib, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yeniləri ilə əvəzlənib. Yeraltı kommunikasiya xətləri (qaz, su, istilik, elektrik, rabitə) yolun hərəkət hissəsindən kənara köçürülüb.
Piyadaların da rahatlığı nəzərə alınaraq təmir işləri çərçivəsində yol boyu hər iki istiqamətdə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Səkilərin kənarlarına 1800 paqonmetr yeni səki daşları düzülüb.
Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. 2 qat olmaqla 14 min kvadratmetr sahəyə 11 santimetr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Aparılan təmir-tikinti işləri çərçivəsində Bəkir Çobanzadə küçəsində yolun hərəkət hissəsinin müəyyən ərazilərdə genişləndirilməsi işləri aparılıb. Nəticədə yolun hərəkət hissəsi təqribən 300 metrlik məsafədə 5 metrə yaxın genişləndirilərək 12 metrə çatdırılıb. Bu isə öz növbəsində nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərmiş olub.
Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar üçün 2 ədəd xüsusi “cib”li dayanacaqların yaradılması istiqamətində də addımlar atılıb. Avtobus “cib”lərinin uzunluğu 15 metr, eni isə 3 metrdir.
Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində cəmiyyət tərəfindən işıqlandırma sistemi işlək vəziyyətə gətirilib, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.