DÜNYA
Belarusda “tüfeylilər” büdcəyə 450 min dollar ödəyiblər
Bakı, 22 iyul, AZƏRTAC
Belarusun Vergilər və Yığımlar Nazirliyinin açıqlamasına görə, “Tüfeylilər haqqında dekret”ə əsasən, bu kateqoriyadan olan sakinlərin dövlətə ödədikləri məbləğ 450 min dollara çatıb.
AZƏRTAC xəbər verir ki, ölkədə “Tüfeylilər haqqında dekret” keçən il qəbul edilib. Həmin sənəddə göstərilir ki, yarım ildən artıq işləməyən və buna görə də vergi ödəməyən əmək qabiliyyətli vətəndaşlar hər il xəzinəyə 20 baza ölçüsündə (hazırkı kurs üzrə 210) vəsait ödəməlidirlər. Bu tələbə əməl etməyənləri isə cərimə, inzibati həbs və ya icbari əmək kimi cəzalar gözləyir.
Yay girənə qədər ”tüfeyli” adlandırılan işsizlərin bir hissəsi keçən il işləmədiklərinə, vergi ödəmədiklərinə və ya bunu 183 gündən az etdiklərinə dair vergi orqanlarına könüllü məlumat veriblər. Bu isə onlara 10 faiz güzəşt hüququ verib.
Nəticədə vətəndaşlardan dörd mindən artıq bildiriş daxil olub. Müvafiq yoxlamadan sonra 500 min dollardan artıq vəsaitin büdcəyə ödənilməli olduğu müəyyənləşdirilib və hazırda həmin məbləğin 450 min dollara yaxını xəzinəyə daxil olub.