REGİONLAR
Bərdə məktəbliləri ölkəmizin şimal bölgəsi ilə yaxından tanış olacaqlar
Bərdə, 14 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunun məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerləri, təbiəti, tarixi abidələri, müasir inkişafı ilə tanış olacaqlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətində tur-aksiyada iştirak edən məktəblilərlə görüş olub. Rayon icra hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya ənənə halını almış tur-aksiyaların əhəmiyyətindən danışaraq, respublikamızda gedən sosial-iqtisadi inkişafdan söz açıb, hər bir regionun özünəməxsus təbii şəraitinin, mədəniyyət abidələrinin, adət-ənənələrinin, kulinariyasının olduğunu vurğulayıb.
Bərdə rayonunun mərkəzi meydanında keçirilən yolasalma mərasimində rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər iştirak edib. Rayon icra hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya və təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış edərək, şagirdlərə turun məqsədi barədə məlumat verib, onlara səfərlərinin xoş və mənalı keçməsini arzulayıblar. Bildirilib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Çıxış edənlər şagirdlərə səfər zamanı digər rayonlardan olan iştirakçılara Bərdənin qədim tarixi və müasir inkişafı haqqında məlumat verməyi, keçiriləcək intellektual yarışlarda fəal olmağı tövsiyə edib və növbəti tur-aksiyaların gözəl Qarabağımıza təşkil olunmasını arzulayıblar.
Qrup rəhbəri Damət Ələkbərov AZƏRTAC-a müsahibəsində deyib: “Bu gün bərdəli məktəblilər ölkəmizin şimal regionuna yola düşürlər. Şagirdlər tur-aksiyaya qoşulmaqla coğrafiya, tarix dərslərində haqqında oxuduqları qədim və maraqlı yerləri öz gözləri ilə görmək imkanı qazanıblar. Gözəl təbiəti, tarixi abidələri və multikultural ənənələri ilə seçilən bu bölgə ilə tanışlıq şagirdlərdə yüksək təəssüratlar yaradacaq, dünya görüşlərinin formalaşmasında mühüm rol oynayacaq. İnanıram ki, məktəblilər səfərdən xoş xatirələrlə qayıdacaqlar”.
Bərdə şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Əli Əliyev fikirlərini belə ifadə edib: “Ölkəmizin bir çox bölgəsində olmuşam. Hər bir bölgəyə getdikcə Vətənim Azərbaycanın nə qədər gözəl təbiətə, qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu görürəm. İndi isə şagirdlərlə birgə Quba, Qusar, Xaçmaz rayonları ilə yaxından tanış olacağıq. Bu səfərdən çox şey öyrənəcəyik. Bunun üçün tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
Müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini veriblər.
Şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz istiqamətində yola düşüblər.