CƏMİYYƏT
Bərdə rayonunda azyaşlının anası tərəfindən işgəncəyə məruz qalması ilə bağlı cinayət işi başlanıb
Bakı, 24 may, AZƏRTAC
Baş Prokurorluq Bərdə rayonunda 7 yaşlı uşağın anası tərəfindən bədəninin müxtəlif nahiyələrinin yandırılaraq işgəncəyə məruz qalması və hazırda xəstəxanada stasionar müalicə alması barədə bəzi kütləvi informasiya vasitələrində yer alan xəbərlərlə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin məlumat əsasında Bərdə Rayon Prokurorluğunda araşdırma aparılıb. Müəyyən edilib ki, Bərdə şəhər sakini Raya Həsənova tanışı Mahmud Mehraliyev ilə birlikdə 2013-cü il təvəllüdlü oğlunu mütəmadi olaraq döyüb və mayın 21-də qızdırılmış qaşıqla qollarına xəsarət yetirib.
Fakta görə Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması rayon polis şöbəsinin istintaq şöbəsinə tapşırılıb.
Eyni zamanda, Raya Həsənovanın qanunsuz hərəkətləri hazırda azyaşlı Ömər Nəbizadənin həyatı üçün təhlükə yaratdığından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq, onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulub.
Cinayət işinin nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.