REGİONLAR
Bərdə rayonunda tikinti-quraşdırma işləri 68 faiz artıb
Bərdə, 7 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
2017-ci il Bərdə rayonu üçün uğurlu olub. Makroiqtisadi dayanıqlıq təmin edilib, rayonun özünümaliyyələşməyə keçidi üçün önəmli addımlar atılıb. Rayonda 417,5 milyon manatlıq ümumi məhsul, o cümlədən 14,3 milyon manatlıq sənaye, 195,1 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 65,1 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Bərdə rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda bəhs edilib.
Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin hesabat məruzəsində bildirilib ki, 2016-cı ilə nisbətən ümumi məhsul istehsalı 26,6 faiz, sənaye məhsulu istehsalı 5,4 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 24,8 faiz, tikinti-quraşdırma işləri 68 faiz artıb.
Ötən il regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində işlərin uğurla davam etdirildiyini deyən V.İsayev qeyd edib ki, hesabat dövründə Bərdə şəhərində və kəndlərdə geniş abadlıq işləri görülüb. Küçə və meydanlara, yolların kənarlarına 21,2 min ədəd ağac, 16,5 min gül kolları əkilib. Hesabat ilində 480 şagird yerlik şəhər 5 nömrəli, 1150 şagird yerlik şəhər 6 nömrəli və 480 şagird yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbləri əsaslı təmir olunub, Qaratəpə kəndində 80 şagird yerlik modul tipli məktəb binası inşa edilib. On beş mindən çox əhalinin yaşadığı 17 kəndi birləşdirən 25 kilometr uzunluğunda Yeni Daşkənd-Umudalılar kəndlərarası yolu yenidən qurulub, Bərdə-Ağdam avtomobil yolunun Tərtər çayı üzərindəki körpü təmir edilib, Hacılar kəndində süd toplama məntəqəsi tikilib. Bərdə şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasının dam örtüyü, fasad və giriş hissələri əsaslı təmir olunub. Rayonun 32 kəndinin elektrik şəbəkəsi yenidən qurulub, Otuzikilər, Bayramlı və Mollalı kəndləri qazlaşdırılıb.
Hazırda Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, Yuxarı Qarabağ kanalının maşın qolunun, Bərdə-Ağcabədi avtomobil yolunun tikintisi davam etdirilir. Hacılı kəndində 80 şagird yelik modul tipli məktəb inşa edilir, çoxmərtəbəli yaşayış evləri əsaslı təmir olunur.
Yığıncaqda aqrar sahədə görülən işlər təhlil edilərkən bildirilib ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə dayanıqlı inkişafın təmin edilməsi üçün seçilmiş strateji hədəf və prioritet istiqamətlər ilə bağlı rayonda tədbirlər həyata keçirilir. Pambıqçılığın, baramaçılığın inkişaf etdirilməsi, şəkər çuğunduru istehsalının artırılması, aqroparkın genişləndirilməsi istiqamətində addımlar atılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli sərəncamı ilə Bərdə rayonunun inzibati ərazisində yerləşən Təhlə kəndində dövlət ehtiyat fondundan 2 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar kateqoriyası dəyişdirilib.
Diqqətə çatdırılıb ki, 2017-ci ildə 44 min 396,5 ton buğda, 9067,8 ton arpa, 1672,5 ton qarğıdalı, 1991 ton kartof, 42 min 887,5 ton tərəvəz, 28 min 200,3 ton bostan məhsulları, 550,6 ton dən üçün günəbaxan, 22,4 min tondan çox pambıq, 33 min 107 ton şəkər çuğunduru istehsal olunub. Əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün 9 subartezian quyusu qazılıb.
Rayonda heyvandarlığın inkişafı istiqamətində də tədbirlər davam etdirilib. Hesabat dövründə rayona 351 baş cins heyvan alınıb gətirilib. İl ərzində 8179 baş iribuynuzlu heyvan süni mayalandırılıb, 4130 baş sağlam bala alınıb. İri fermer təsərrüfatlarının yaradılması, heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində aparılmış işlər öz bəhrəsini verib, ət istehsalı 6,3 faiz, süd istehsalı 2,1 faiz artıb. Bundan başqa, 2017-ci ildə 12,5 ton barama istehsal edilib ki, bu da əvvəlki ildəkindən 2,8 dəfə çoxdur.
Yığıncaqda sahibkarlığın inkişafından, əhalinin qaz, elektrik enerjisi, su ilə təminatı sahəsində əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışılıb, vətəndaşların sosial müdafiəsi, ərizə və şikayətlərə baxılması sahəsində görülən işlər təhlil olunub.
Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış edərək, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların uğurlu nəticələrdən söz açıb, qarşıda duran vəzifələri diqqətə çatdırıb.