CƏMİYYƏT
Bərdə sakinindən 8 kiloqram narkotik vasitə götürülüb VİDEO
Bakı, 10 dekabr, AZƏRTAC
Bərdədə külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olan məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bərdə rayon Otuzikilər kənd sakini, əvvəllər məhkum olunmuş, 56 yaşlı Nail Qasımov yaşadığı kənd ərazisində saxlanılaraq Qərb Regional Şöbəsinə gətirilib. Şöbədə onun üzərinə baxış keçirilən zaman 2 ədəd kağız bükümlərdə ümumi çəkisi 14.97 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Qasımova məxsus “VAZ 21013” markalı avtomobilin yük yerindən 3 ədəd sellofan torbada ümumi çəkisi 7 kiloqram 900 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.