CƏMİYYƏT
Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən içməli su istehsalı müəssisəsi aşkar olunub
Bakı, 6 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bərdə rayonunun Bahadur Hacıyev küçəsi, 61 ünvanında fiziki şəxs Cəfərquliyev Elmir Əhməd oğluna məxsus qablaşdırılmış içməli su istehsalı müəssisəsinə baxış keçirilib.
Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb. Belə ki, müəssisədə xammalların və hazır məhsulların saxlanılma rejimlərinə riayət edilmədiyi, həmçinin işçilərin dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi müəyyən olunub.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.
Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.