CƏMİYYƏT
Bərdədə heyvan kəsimi və ət satışı həyata keçirilən kəsim məntəqələrində nöqsanlar aşkarlanıb
Bakı, 14 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bərdə Rayon İcra Hakimiyyətinin və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayonda fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində reyd keçirilib.
Reyd zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.
Eyni zamanda, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirilməsi üçün zəruri məlumatlar verilib.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd fəaliyyətdən yayınmağa çağırır. Qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.