İQTİSADİYYAT
Beş ayda “Azexport.az” portalına 261,8 milyon dollarlıq ixrac sifarişləri daxil olub
Bakı, 28 iyun, AZƏRTAC
Yanvar-may ayları ərzində “Azexport.az” portalına 261,8 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayına istinadla xəbər verir ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə ixrac sifarişləri 4,6 faiz artıb. Bu ilin may ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 32,5 milyon ABŞ dolları təşkil edib və ötən ilin may ayı ilə müqayisədə 17,3 faizlik artım qeydə alınıb. 2019-cu ilin 5 ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (12,6 faiz), Türkiyə (7,4 faiz), İngiltərə (5,9 faiz), ABŞ (5,9 faiz) və Hindistan (5,9 faiz) qərarlaşıb.
Bu ilin may ayında ən çox ixrac sifarişi pambıq və pambıq məhsulları, biyan, tütün, toyuq əti və yumurtası, kartof, soğan, mineral su, mühərrik yağı, qənnadı məhsulu, nar şirəsi, tibbi tənzif, şərab, çay, kosmetik vasitə, tikinti materialı, mebel dəsti, alma, gül, təzə və qurudulmuş pomidor və sair mallara daxil olub.
2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 may tarixinədək “Azexport.az” portalına dünyanın 130 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 250,9 milyon ABŞ dolları təşkil edib.