CƏMİYYƏT
Beyləqan Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də Beyləqan Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Ağsaqqallar Şurasından AZƏRTAC-a bildiriblər ki, konfransdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Beyləqandakı Heydər Əliyev Mərkəzində keçirilən konfrans Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin əziz xatirəsinin bir dəqiqə sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Ə.Əmiraslanov, həmçinin Prezident İlham Əliyevin ölkəmizdə ağsaqqal və ziyalıları diqqətdə saxladığını, daim onlara qayğı göstərdiyini bildirib, dövlətimizin başçısının ulu öndər Heydər Əliyevin qoyduğu bu ənənəyə böyük önəm verdiyini xüsusi vurğulayıb.
Konfransda Beyləqan Rayon Ağsaqqallar Şurasının yeni tərkibi elan olunub, Etibar İmanov qurumun yeni sədri seçilib.