REGİONLAR
Beyləqan Rayon Məşğulluq Mərkəzi tərəfindən 215 nəfər işə düzəlib
Beyləqan, 15 avqust, AZƏRTAC
Beyləqan rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2018-ci ilin yeddi ayında mərkəzə müraciət edən 956 nəfər işaxtaran vətəndaşdan 215-i, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 3 nəfər kvota üzrə ayrılmış iş yerləri ilə təmin edilib. Hazırda rayonun idarə və müəssisələrində 97 vakant iş yeri var. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə sentyabr ayında növbəti “Əmək yarmarkası” keçiriləcək.
Beyləqan rayonunda Prezident İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası olaraq, özünüməşğulluq proqramı da uğurla həyata keçirilir. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 14 nəfər işsiz və işaxtaran şəxsə aktivlər verilib. Vətəndaşlar verilmiş aktivlər hesabına kənd təsərrüfatı üzrə öz ailə təsərrüfatlarını formalaşdırıblar. Bu ilin əvvəlindən 95 nəfər işsiz və işaxtaran şəxs təlimlərə cəlb olunub. Həmin şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktivlərlə təmin ediləcək, beləliklə də öz ailə təsərrüfatlarını formalaşdıracaqlar.