CƏMİYYƏT
Beyləqan rayonunun Daşburun qəsəbəsində partlamamış hərbi sursat tapılıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabr 23-də saat 14:12-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan rayonu, Daşburun qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş qəsəbədə kanal ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd 122 millimetrlik top mərmisi (OF-56) və 24 ədəd boş giliz aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Havanın qaranlıq olması səbəbindən ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı növbəti gün də davam etdiriləcək.