REGİONLAR
Beyləqanda keçirilən intellektual yarışda yeddi komanda iştirak edib
Beyləqan, 25 aprel, AZƏRTAC
Beyləqan rayon şahmat məktəbində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə rayon məktəblərinin komandaları arasında intellektual oyun keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyəti, təhsil şöbəsi və “Mil” intellektual klubun birgə təşkilatçılığı ilə keçirilən yarışda yeddi komanda iştirak edib.
Yarış iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Rayon icra hakimiyyəti başçısının müavini Aytən Mirzəyeva çıxış edərək, Zərifə Əliyevanın mənalı və şərəfli ömür yolundan, zəngin elmi fəaliyyəti və qazandığı uğurlardan danışıb.
Təhsil şöbəsinin müdir müavini Hüsaməddin Babayev və “Mil” intellektual klubun əməkdaşı Mürsəl Behbudlu şagirdlərə yarışın qaydaları haqqında məlumat verib, uğurlar arzulayıblar.
Sonra “Ekspert”, “Mil”, “Zirvə”, “Zəka”, “Zəfər”, “Ulduz” və “Parlaq zəka” komandalarının iştirakı ilə yarış başlayıb. Gərgin mübarizə şəraitində keçən yarışda “Mil” komandası birinci, “Ekspert” komandası ikinci, “Parlaq zəka” komandası isə üçüncü yeri tutub.