CƏMİYYƏT
Beyləqanda külli miqdarda güclü təsiredici xassəyə malik müxtəlif növ narkotik vasitələr dövriyyədən çıxarılıb
Bakı, 12 avqust, AZƏRTAC
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Şəhriyar Şirinov idarə etdiyi “VAZ-2107” markalı avtomobil və onun sərnişini Yevlax rayon sakini Azər Həsənovla birlikdə saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı A.Həsənovun əlindəki sintetik torbada müxtəlif qablaşdırmalarda 5 kiloqramdan artıq tiryək, bir bağlamada 130 qramdan çox heroin və bir bükümdə 12 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.