REGİONLAR
Beyləqanda şəhid ailələri və qazilərə orden və medallar təqdim olunub VİDEO
Beyləqan, 6 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin və İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid ailələri və qazilərlə görüş təşkil edilib. Görüşdə müharibə qəhrəmanlarına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən orden və medallar təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun şücaətindən danışıblar. Bildirilib ki, qısa müddət ərzində Azərbaycan Ordusu 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad edib. Azərbaycan Ordusu arsenalında olan ən müasir silahlarla faktiki olaraq Ermənistan ordusunu darmadağın edib. Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın, dünyanın ən peşəkar orduları sırasına yüksəlib. Vətən müharibəsində Azərbaycan Ordusunun peşəkarlığı dünyanın müxtəlif ölkələrinin hərbi ekspertləri tərəfindən yüksək qiymətləndirilib.
Daha sonra Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ailə üzvlərinə, həmçinin müharibə iştirakçılarına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən orden və medallar təqdim edilib. Vətən müharibəsində şəhid olan mayor Elbrus Bayramın təltif olunduğu “Vətən Müharibəsi Qəhrəmanı” medalı, şəhid Siyahim Dəmirovun döyüşlərdə göstərdiyi şücaətə görə təltif edildiyi “Qarabağ” ordeni, şəhid İbrahim Əsgərovun təltif edildiyi “Vətən uğrunda” medalı ailələrinə verilib. Həmçinin qazi Amid Hacıyevə təltif edildiyi “Cəsur Döyüşçü” medalı təqdim olunub.
Qeyd edək ki, ümumilikdə Beyləqan rayonu üzrə 111 şəhid ailəsinə 128 medal, 69 müharibə iştirakçısı və qaziyə isə 70 medal təqdim edilib.