ELM VƏ TƏHSİL
Beynəlxalq Bakalavriat Proqramı üzrə təhsilin Azərbaycanda gələcək inkişafı müzakirə olunmuşdur
Bakı, 21 fevral (AZƏRTAC). Fevralın 21-də Beynəlxalq Bakalavriat Təşkilatının Afrika, Avropa və Yaxın Şərq üzrə regional direktoru Adrian Kerney Təhsil Nazirliyində olmuşdur.
AZƏRTAC xəbər verir ki, görüşdə təhsil naziri Misir Mərdanov Beynəlxalq Bakalavriat Təşkilatının 1968-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradıldığını bildirmişdir. Hazırda dünyanın 144 ölkəsinin 3.529 ümumtəhsil müəssisəsində Beynəlxalq Bakalavriat Proqramı üzrə iş aparıldığını qeyd edən təhsil naziri proqramın əsas məqsədinin şagirdlərin intellektual, sosial, emosional, tədqiqat, müstəqil öyrənmə və mədəniyyətlərarası anlaşma bacarıqlarının inkişaf etdirilməsi olduğunu diqqətə çatdırmışdır.
Beynəlxalq Bakalavriat Proqramının ölkəmizdə 15 ildir tətbiq olunduğu haqqında məlumat verən M.Mərdanov 2010-cu ildən Təhsil Nazirliyinin nəzdindəki 6 nömrəli məktəb-liseydə də bu proqramın tətbiqi istiqamətində iş getdiyini, hazırda müvafiq proqram üzrə I, X və XI siniflərdə tədris aparıldığını söyləmişdir.
Təhsil naziri Beynəlxalq Bakalavriat Proqramı üzrə orta təhsilini başa vuran məzunların müvafiq təhsil sənədlərinin Azərbaycanda tanınacağını bildirərək bu proqramın tətbiq edildiyi məktəblərin həm maddi-texniki, həm də pedaqoji heyətin hazırlığı baxımından yüksək tələblərə cavab verməli olduğunu vurğulamışdır.
Beynəlxalq Bakalavriat Proqramı haqqında ətraflı məlumat verən təşkilatın regional direktoru Adrian Kerney bu proqram üzrə orta təhsilini başa vuran məzunların dünyanın nüfuzlu universitetlərinə imtahansız qəbul olunmaq imkanı qazandıqlarını bildirmişdir.
Beynəlxalq Bakalavriat Proqramının peşə təhsili və müəllim hazırlığı sahələrində də tətbiqinin mümkünlüyünə diqqəti çəkən A.Kerney proqramın üstün cəhətlərini sadalamışdır. Regional direktor Beynəlxalq Bakalavriat Proqramının dünya üzrə 1 milyondan artıq təhsil alanı əhatə etdiyini və müvafiq proqramın ilk növbədə tədrisin keyfiyyətli təşkilinə zəmin yaratdığını vurğulamışdır.
Görüşdə Beynəlxalq Bakalavriat Proqramı üzrə təhsilin Azərbaycanda gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.