CƏMİYYƏT


Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ölkəmizdəki dini durum barədə məlumatlandırılıb

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 24-də Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) sədr müavinləri Qeyl Mançin, Nadin Menza və Komissiyanın Beynəlxalq hüquq üzrə mütəxəssisi Kristen Laveri, siyasi analitiki Kill Bakken Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olublar. Görüşdə qonaqları ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Solley müşayiət edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun sədri Mübariz Qurbanlı qonaqlara ölkəmizin dövlət-din münasibətləri modeli, dini durum haqqında ətraflı məlumat verib, multikultural dəyərlərin, dini tolerantlığın cəmiyyətimizin nümunəvi normasına çevrildiyini və bu ənənələrin Azərbaycan dövləti tərəfindən inkişaf etdirildiyini bildirib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri, dinlərarası harmoniya özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Hər kəsin inancına hörmətlə yanaşmaq Azərbaycan xalqının ən əsas prinsiplərindən biridir.

Respublikamızda 35-i qeyri-İslam olmaqla 941 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, müxtəlif dini qurumların fəaliyyəti hərtərəfli dəstəklənir.

Eyni zamanda, görüşdə ölkəmizdəki dini vəziyyət barədə fikir mübadiləsi aparılıb, Komissiya nümayəndələrinin dini sahə ilə bağlı sualları cavablandırılıb.

Sonda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.

Qeyd edək ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası bütün dünyada dini azadlığı monitorinq edən müstəqil, iki partiyanın dəstəklədiyi, ABŞ hökumətinin federal hökumət komissiyasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.