İQTİSADİYYAT
Beynəlxalq Enerji Agentliyi neft tələbatına dair proqnozunu azaldıb
Bakı, 19 yanvar, AZƏRTAC
Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft tələbatı ilə bağlı proqnozunu azaldıb.
AZƏRTAC xəbər verir ki, agentlik pandemiya səbəbindən uzun müddət davam edən karantin tədbirlərinin cari ildə neft tələbatının bərpa prosesinə mənfi təsir edəcəyini düşünərək qlobal neft tələbatına dair proqnozunu aşağı salıb.
IEA-nın aylıq hesabatına görə, koronavirus peyvəndinin inkişafı və qlobal miqyasda istifadəsi bu il üzrə əsas göstəriciləri gücləndirir, tələb və təklif yenidən artmağa başlayır. Bununla belə, ölkələrin karantin müddətlərini uzatması nəticəsində satışların azalması fonunda neft tələbatının bərpası müəyyən vaxt tələb edir.
Agentlik cari ilin ilk rübü üzrə neft istehlakı ilə bağlı proqnozunu sutkada 600 min barrel azaldıb. 2021-ci ilə dair tələbat proqnozu isə gündəlik 300 min barrel azaldılıb. Bu il qlobal neft istehlakının keçən ilə nisbətən gündəlik 5,5 milyon barrel artacağı proqnozlaşdırılır.
Xatırladaq ki, qlobal neft tələbatı 2020-ci ildə sutkada 8,8 milyon barrel geriləmişdi.