İDMAN
Beynəlxalq Gimnastika Federasiyasının Bakıda keçiriləcək Konqresinə 118 ölkədən iştirakçılar qatılacaqlar
Bakı, 6 oktyabr, AZƏRTAC
Bakı dekabrın 2-3-də Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresinə ev sahibliyi edəcək. FIG-nin rəhbər orqanlarından olan Şuranın iclası ilk dəfə 2017-ci ilin mayında paytaxtımızda təşkil edilib. FIG-nin ən ali orqanı hesab edilən konqres isə ölkəmizdə ilk dəfə keçiriləcək.
Bu sözləri Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Baş katib bildirib ki, FIG-in konqresi iki ildən bir keçirilir. Hər Olimpiya dövrünün sonuncu ilində keçirilən konqres isə hesabat-seçki xarakteri daşıyır. Dekabrda ölkəmizdə təşkil ediləcək konqresdən əvvəl bir qayda olaraq noyabrın 29-da FIG-in Prezident Komissiyasının iclası Bakıda keçiriləcək. Noyabrın 30-dan dekabrın 1-dək ali gimnastika qurumunun paytaxtımızda icra komitəsinin iclasları keçiriləcək. Daha sonra konqresə start veriləcək.
“Konqresə 118 ölkədən ümumilikdə 300-dək iştirakçının qatılacağı gözlənilir. Adətən konqreslərdə FIG-in prezidenti və texniki əlaqələndiricisinin, həmçinin ali qurumun hər bir gimnastika növü üzrə texniki komitələrinin rəhbərlərinin hesabatları dinlənilir. Daha sonra FIG-yə daxil olan qitə ittifaqlarının rəhbərləri hesabatla çıxış edirlər. Habelə qurumun rüblük maliyyə planı təsdiqlənir. FIG-yə yeni üzvlərin qəbulu, həmçinin hər hansı bir federasiyanın qurumdan xaric edilməsi məsələsi müzakirə edilir və növbəti Konqresin keçirilmə yeri müəyyən olunur”, - deyə N.Məmmədzadə əlavə edib.
Vurğulanıb ki, hər bir konqresdən əvvəl FIG-yə üzv olan federasiyalar müxtəlif təkliflərlə çıxış edirlər. Həmin təkliflər də konqresin gedişində müzakirə olunur. Həmçinin FIG-in Şurasının, İcraiyyə Komitəsinin təklifləri istiqamətində diskussiyalar aparılır. Həmçinin beynəlxalq qurumun qaydalarına, Nizamnaməsinə edilə biləcək dəyişikliklərə və müxtəlif mükafatların verilməsinin təsdiqinə baxılır.
Baş katib deyib: “Konqresdən sonra Bakıda bir neçə iclas təşkil olunacaq. Onlardan biri FIG-in texniki iclası olacaq. Bu iclas dekabrın 4-nə təsadüf edəcək. Həmin gün beynəlxalq qurumun “Qadınlar gimnastikada” komissiyasının iclası da keçiriləcək. FIG-yə gimnastikanın 6 yarış növü daxildir. Dekabrın 5-9-da Bakıda onlardan ikisinin - qadın idman gimnastikası və kişi idman gimnastikası Texniki komitələrinin iclasları baş tutacaq”.
N.Məmmədzadə qeyd edib ki, ali qurumun qərarı ilə dekabrın 4-5-də Bakıda parkur idman növü üzrə məlumat xarakterli kurs təşkil olunacaq. Həmin kursların da yüksək səviyyədə təşkil olunması üçün Azərbaycan Gimnastika Federasiyası əlindən gələni əsirgəməyəcək. Kursların “Ocaq Sport” klubunun zalında təşkili nəzərdə tutulub.