CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Füzulidə bərpa olunmuş kəhrizi yerli icmaya təhvil verib
Bakı, 28 sentyabr, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Füzuli rayonunun Şükürbəyli kəndi ərazisində yerləşən Çərəkənd kəhrizini bərpa edərək yerli icmanın istifadəsinə verib.
Təşkilatın Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, həmin layihə çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi indiyədək Ağdam, Goranboy, Füzuli və Qazax rayonları ərazisində 18 kəhrizi bərpa edərək yerli icmaların istifadəsinə verib.
Layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə təxminən region əhalisini təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.
Layihənin məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək, icma tərəfindən idarə olunan yanaşmanı tətbiq etməyə davam edir.