ELM VƏ TƏHSİL
Beynəlxalq Muzeylər Günündə Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edənlərin sayı 3000-ə yaxın olub
Bakı, 18 may, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü təşkil olunub.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, bu gün muzeyi orta məktəb şagirdləri, müxtəlif ali məktəblərdən olan müəllim və tələbələr, ölkədə müvəqqəti məskunlaşan əcnəbilər ziyarət ediblər. Onlara Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, muzeydə yer alan eksponatlar, mühüm ədəbi faktlar barədə ətraflı məlumat verilib. Beynəlxalq Muzeylər Günündə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə gələnlərin sayı üç minə yaxın olub. Aksiya vətəndaşların Azərbaycanın milli-mədəni irsi ilə tanışlığına və cəmiyyətin mədəni maarifləndirilməsində muzeylərin rolunun dəstəklənməsinə yönəlib.
Qeyd edək ki, hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) 11-ci konfransında təsis edilib. 1978-ci ildən etibarən dünyanın əksər ölkələri əlamətdar günü qeyd edir. Muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərmək, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək etmək məqsədilə təsis olunmuş əlamətdar gün ICOM-un təşəbbüsü ilə hər il müəyyən deviz altında qeyd edilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçirilir.