MƏDƏNİYYƏT
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qırğızıstanla əməkdaşlıq münasibətlərini gücləndirir
Bakı, 17 fevral, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva ilə Qırğız Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Muhammed Lou arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə fondun prezidenti Günay Əfəndiyeva təşkilatın genişmiqyaslı fəaliyyətindən, pandemiya dövrü olmasına baxmayaraq, türkdilli xalqların zəngin maddi-mədəni irsinin tanıdılması məqsədilə həyata keçirilən tədbirlərdən və gələcək planlardan bəhs edib. Günay Əfəndiyeva fondun qurucu üzv ölkəsi olan Qırğızıstanla qarşılıqlı əməkdaşlığın, türk dünyasının qədim maddi və mənəvi dəyərlərinin beynəlxalq aləmdə tanıdılması ilə əlaqədar birgə işlərin görülməsinin əhəmiyyətindən danışıb.
Qırğız Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Muhammed Lou fondun türkdilli xalqların qədim tarix və mədəniyyətinin qorunması, öyrənilməsi, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi sahəsində fəaliyyətini yüksək dəyərləndirib. O, eyni zamanda fond ilə Qırğızıstan arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinin əhəmiyyətini və təşkilat tərəfindən həyata keçirilən layihələri dəstəkləyəcəyini qeyd edib.
Görüş tərəflər arasında birgə gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə başa çatıb.