CƏMİYYƏT
Beynəlxalq ekspertlərin iştirakı ilə ceyran və Şərqi Qafqaz turlarının sayı araşdırılıb
Bakı, 17 yanvar, AZƏRTAC
Respublikanın bölgələrində ceyranların və Şərqi Qafqaz turlarının sayı araşdırılıb.
Bunu AZƏRTAC-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.
O qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşlarının, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbərinin iştirakı ilə respublikanın müxtəlif bölgələrində keçirilmiş araşdırmada ötən illərdən fərqli olaraq beynəlxalq ekspertlər də iştirak ediblər.
A.Səmədovanın sözlərinə görə, Şirvan, Ağgöl, Abşeron milli parkları, Şirvan, Korçay dövlət təbiət qoruqları, Bəndovan, Qax dövlət təbiət yasaqlıqları və onlarla həmsərhəd olan ərazilərdə aparılmış araşdırmaların nəticəsinə görə, həmin ərazilər üzrə ceyran populyasiyasının sayı təxminən 7413 olub. Şahdağ Milli Parkı, Zaqatala, İlisu dövlət təbiət qoruqları, Zaqatala, Qax dövlət təbiət yasaqlıqları, Şəki və Babadağ ovçuluq təsərrüfatları, eləcə də bu ərazilərlə həmsərhəd olan sahələrdə aparılmış araşdırmaların nəticəsinə görə Şərqi Qafqaz turlarının populyasiyasının sayı təxminən 6563 müəyyən edilib.